12344
writer1

Aliyə Əsədova

Məqalə sayı : 1

13:35 06 Fevral 2020

İşarələr danışır

Uşaqlıqdan nöqtəli-vergüllü, suallı-nidalı cümlələr qurmuşuq, söhbətlər etmişik, mətnlər oxumuşuq, danışmışıq. Bir növ nitqimizdə də sözləri harda necə səsləndirməyi, onu tələffüz etməyi bu işarələrin köməkliyi ilə ifadə edə bilmişik. Hərdən bəzi kitablar, jurnallar hansısa nəşrlər durğu işarələrinin çoxundan imtina etsə də, onları oxuyub səsləndirərkən yenə də fasilə etdikdə, vergülü xatırlayırıq. Beyin yaddaşımız elə formalaşıb ki, bu işarələrin işlənmə yeri və səbəbinə görə, vergülü, sualı, nidanı, nöqtəni  ifadə etməyi bacarırıq . Yazılı nitqdən qavradıqlarımız şifahi nitqimizdə bizi ifadə edə  bilir, yaxud da biz onu ifadə edə bilirik. Dalaşanda, barışanda, güləndə, ağlayanda,   həyəcanlı və acıqlı olanda, təəccüblənəndə, müxtəlif vəziyyətlərdə bir kəlmə ilə sözümüzə nöqtə qoyanda həmin işarələrə arxalanırıq, fikir alırıq, fikir veririk, inkar edirik, təsdiqləyirik, sual da veririk.

Dilimizi hansı dilə çevirsək də, işarələr bizimlədir, bizim dildə danışır, hərdən danışmaq istəməyənləri də danışdırır. İstər orta məktəb, istərsə də ali məktəb - universitet təhsilindəki dil dərsliklərində ön cərgədə dayanan bu cümlə - “Dil ünsiyyət vasitəsidir” cümləsi çoxumuza tanışdır. İşarəsiz dili qəbul etmək həm də çətindir, ona görə ki, dil işarələrlə danışır, demək ki, dil işarələrin köməkliyi ilə böyük vasitəyə çevrilə bilir.

Bizim danışdığımız Azərbaycan dili də qrammatik və sözlük-lüğət baxımından asan dillərdən deyil. Amma dilimiz olduğu üçün biz bu dili bəyənirik, bu dildə danışırıq, hansısa ingilis, rus, fransız üçün də maraqlıdır dilimiz, biz dilimizdə danışdıqca, onlardan kimlərsə eşidib dinlədikdə, dilimizi öyrənmək və bu dildə danışmaq  istəyir. Bu dilin danışıq və yazılı üslubuna dünyada geniş tələbat olmasa da, Azərbaycan dilini çox   bəyənirlər. Lakin bu dili öyrənməyi  bacarmırlar, çünki  bu dili öyrənmək üçün, danışmaq üçün işarədən başlamaq lazımdır - əl işarələrindən tutmuş durğu işarələrinə qədər  hamısının dərinliyinə varmaq, dönə-dönə oxumaq, tələffüz etməklə yanaşı, həmçinin onu dərk etmək lazımdır.

Dünyanın ən qədim əlaqə vasitəsi işarə dili hesab olunur, elmi tərəfdən bu dili daha qədim hesab edirlər və onu öyrənməkdə bir çoxunun çətinlik çəkdiyini də bilirik. Nitq qüsurlu lal və karlar üçün nəzərdə tutulan işarə dilinin yazılı formasını həm də qədim çin-yapon əlifbasına yaxın hesab etmək olar.

Hər gün özümə hesabat verdikdə, nə etdiyimi və nə edəcəyimi planlaşdıranda hərdən elə olur ki, nöqtə vergüldən əvvələ düşür, hərdən də hər nöqtə və vergüldən sonra sual  işarəsi yaranır, hər şey fikrən bu cür də tamamlanır. Təsəvvür edirsinizmi bu nə deməkdir? Belə olduqda, təkrarən əvvələ qayıtmaq, işarələri hesabata görə tənzimləmək lazım gəlir.  Heç biri də məndən incimir-nə işarələr nə də fikirlər,  amma hərdən sualları sevməyənlər üçün bu işarələr sayına və adamına görə çoxala bilir, belə olduqda, adamı hərdən danışmağa qoymur, hərdən də hamıdan çox danışdıra bilir.

Hər adamın dilində danışa bilmək çətindir. Gəlin hər kəslə dil tapmağı öyrənək, dildən anlayaq, işarələri səhv salmayaq. Özümüzü işarəsiz anlayaq. Dil böyük vasitədir - dilimizi, sözümüzü anlayaq.

Dil böyük vasitədir - dilimizi qoruyaq.