7269
15:55
17 Fevral 2020

Bir səhər oyandı ki, hamı onu barmaqla göstərir... – HƏYAT HEKAYƏTİ

Şurik – Aleksandr Serqeyeviç Demyanenko sovet kinematoqrafiyasının qeyd-şərtsiz ulduzu olub. Həyatının filmi - “Şurikin macəraları” ekranlara çıxan gündən aktyor daha küçələrə çıxıb rahat gəzə bilmədi...

Rejissor Leonid Qaydayın əli bu cılız, eynəkli, yəni ilk baxışdan kumir olacağını bəlli etməyən gəncə düşdü. Amma elə onun da əli Leonid Qaydayın özünə düşdü.

Məsələnin bir tərəfi də var – Şurik obrazı Demyanenkonun boyuna elə biçildi ki, onu başqa obrazda görmək mümkün olmadı. Aktyor üçün bir obrazın əsiri olmaq böyük faciədir. Amma Aleksandr Demyanenko harda olursa-olsun, onu əhatə edən qələbəlik, səs-küy sükunəti və özünə qapanmağı sevən bu adamı hədsiz qıcıqlandırırdı. Ona görə də ikinci belə obrazın arzusunda deyildi. Ulduza toxunmaq, imza almaq, şəkil çəkdirmək istəyənlərin çoxluğu aktyora cəhənnəm əzabı yaşadırdı.

Sverdlovskda, 1937-ci ilin mayında doğulub. Uşaq dünyaya gələndən az sonra ata ailədən ayrılıb, başqa qadının yanına gedir. O qadından iki övladı da olur. Bir gün də onları qoyub, əvvəlki ailəsinə qayıdır. Tezliklə Aleksandrın iki doğma bacısı olur – Tatyana və Natalya.

Saşanın həyatında atası yalnız belə rol oynamayıb. Sergey Petroviç Demyanenko yaradıcılığa meylli adam idi. Sverdlovskda aktyor karyerası da olub. Sverdlovsk Opera teatrında çalışıb, teatr ustalığını konservatoriyada tədris edib.

Saşa da dərsdən sonra həmişə atasının yanına qaçar, bütün asudə vaxtını onunla keçirərdi. Beləliklə, aktyorluğa “yoluxdu” və başqa peşənin arzusuna belə düşmədi.

Atası yenə də kiməsə vuruldu, ailəsini atıb getdi, amma Saşa üçün yenə kumir və avtoritet olaraq qaldı. İş orasındadır ki, Sergeyin bütün başqa qadınlardan olan övladları da atalarına bu cür yanaşır və bir-birilərini də kifayət qədər çox istəyirdilər.

Milyonların sevimli Şuriki orta təhsilini Sverdlovskda alıb.

1954-cü ildə sənədlərini Teatr İnstitutuna hazırlayan gənc, necə həyəcanlanıbsa, imtahan vaxtını səhv salıb, gecikib. Əlacı kəsilən Saşa boş qalmamaq üçün həmi il yerli universitetin hüquq fakültəsinə qəbul olunub.

Əslində pis oxumurmuş, amma bir il sonra özü hüquqşünas olmayacağını bildiyindən ali məktəbi atıb, paytaxt teatr institutlarına baş vurdu.

Moskva elə bil ona qucaq açmışdı. Eyni vaxtda iki ali teatr institutuna qəbul olundu – Şukinskini deyil, Dövlət Teatr İnstitutunu seçdi.

Ali məktəbi birtəhər başa vurub. Birtəhər deyəndə ki, istedadına və oxumasına söz olmayıb, amma çox dərs buraxdığı üçün problemləri yaranırmış. Müəllimi İosif Raevski aktyor dərslərinə girməsi üçün onu zorla cəlb edirmiş. Onu institutdan çıxarmağa əli gəlmirmiş müəllimin - istedadına heyfi gəlirmiş.

Hələ tələbə ikən Aleksandr “Külək”, “Pavel Korçagin”, “Həyəcanlı gənclik” kimi filmlərdə çəkilib.

İnstitutu bitirən kimi onu Mayakovski adına Moskva Dram teatrına işə dəvət ediblər. Üç il orda işləyir. Amma teatr onu qane etmirdi, Saşanı kino sahəsi çəkirdi.

1961-ci ildə daha iki filmə çəkilən Aleksandr sovet kinosunda yerini möhkəmləndirib. Ancaq Saşa qərara alır ki, Moskvadan Leninqrada (Sank-Peterburq) köçsün. Bunun iki səbəbi vardı: əvvəla, orda aktyora mənzil verirdilər, ikincisi isə “Lenfilm” ona yeni rollar vəd edirdi.

Burda Saşa “Dövlət canisi”, “Mənasız səfər” kimi filmlərə çəkilir.

Artıq aktyoru küçədə tanıyırdılar, karyerası yüksəlirdi. Bununla belə, əsl populyarlığı ona Leonid Qaydayla işbirliyi gətirdi. Rejissor özünün “Qeyri-ciddi əhvalatlar” filminə sınağa gələn 40 aktyordan imtina etmişdi.

Qəribə tipaj lazım idi filmə, həmişə gülməli situasiyalara düşən ziyalı görkəmli gənc tələb olunurdu.

Demyanenkonu görən kimi “bu odur” - deyə özünü əmin etdi. Qarşısında duran gənci o rola hazırlamaq lazım deyildi – hazır Vladik idi ki, dayanmışdı. Çəkiliş prosesində Vladik Şurikə çevrildi. Obraza tam daxil olmaq üçün aktyor tünd saçlarını açdırmalı oldu. Saçını açmaq üçün o qədər hidrogen-peroksidi vurmuşdular ki, dərisi suluqlamışdı. Demyanenko hətta sonradan keçəl qalmadığına şükür etmişdi.

“I əməliyyatı” filmi ölkədə bomba kimi partladı. Aleksandr Demyanenko səhər oyandı ki, onu bütün ölkədə barmaqla göstərirlər. Ona heç kim Şurikdən başqa ad demirdi, adam özü belə, öz adını unutmuşdu artıq.

O bu rolu oynamamışdı, yaşamışdı. Özü də etiraf edirdi ki, rola girməyib, sadəcə olduğu kimi olub.

Kino tənqidçiləri yazırdılar ki, Şurik obrazı rejissorla aktyorun yığma obrazıdır. Şurik onu yaradan qəhrəmanlara - rejissorla aktyora özünün eynəyi, qapalılığı, susqunluğu, təbəssümü ilə çox bənzəyirdi.

Qayday kisə-kisə tamaşaçı məktubu alırdı. Hamı Şurikin macəralarının davamını istəyirdi. Rejissor tamaşaçı rəyləri ilə iki il sonra “Şurikin yeni macəraları”nı çəkdi.

1973-cü ildə Demyanenkonun daha bir şedevri ilə rastlaşdıq. “İvan Vasilyeviç peşəsini dəyişir”. Bu film də kinematoqrafiyanın qızıl fonduna daxil edilib.

Onun başqa filmlərdə də maraqlı obrazları var, amma onları heç kim xatırlamır. Şurik Aleksandrın kino karyerasında belə möhür qoyub. Hərçənd, aktyor deyir ki, o rolda heç bir əziyyəti olmayıb.

Onu artıq heç bir rejissor başqa rollarda görmürdü, aktyor dublyajda işləyir, səsyazmalarda qazanırdı. Multfilmləri səsləndirirdi. Amma küçəyə yenə də çıxa bilmirdi. Onu küçədə “sən”, “Şurik” deyə çağırıb, çiyninə zarafatla vururdular.

Beləliklə, aktyorun film karyerasında cəmi on film var, amma elə məşhurdur ki, bir Şuriklə, elə bil yüz rol oynayıb.

1991-ci ildən xalq artistidir. Teatrda çalışıb. Birinci xanımı Marina ilə 16 il yaşayıb. Sverdlovskda dram dərnəyində tanış olub, evlənmişdilər. Uşaqları olmurdu.

Heç vaxt mübahisələri belə düşməyən arvadı ilə bir gün səssiz-səmirsiz vidalaşıb, əşyalarını yığıb, başqa qadınla yaşamağa gedib.

Aktyorun ikinci xanımı “Lenfilm”də dublyaj rejissoru Lüdmila olub. Lüdmilanın ilk ərindən olan qızı Aleksandrın öz qızı kimi əziz olur ona. Aleksandrın sayəsində onun qızı Anjelina Nevolina tanınmış aktrisadır.

Demyanenko tənhalığı çox sevirdi. Sank-Peterburqdakı bağında saatla musiqi dinləyərək düşünməklə istirahət edərmiş.

Heç kim bilmirdi ki, aktyorun ürəyi xəstədir. Moskvada “Çiyələk” serialına çəkilən zaman gözləri tutulmuşdu. Əməliyyatdan sonra görmə bərpa olunur. Amma narkoz xəstə ürəyinə mənfi təsir etmişdi.

Çox keçmir ki, aktyor gizli infarkt keçirir, həm də ikinci dəfə. Birincidən özünün də xəbəri olmayıb.

Ürəyində əməliyyat etmək lazım gəlir, amma əməliyyata bir gün qalmış ağ ciyərində hava çatışmazlığından dünyasını dəyişir.

Çoxları onun belə ölümünü çox spirtli içki içməsi ilə bağlayır, amma aktyor hədsiz içən deyildi.

Məşhur aktyor Sank-Peterburqda Serafimov məzarlığında dəfn edilib.