3586
20:24
10 Mart 2020

Prezident Milli Məclisin ilk iclasında çıxış edib - YENİLƏNİB

Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq dedi:

-Zati-aliləri, möhtərəm cənab Prezident.

Sizi Milli Məclisdə salamlamaq böyük qürurdur. Milli Məclisə, doğma evinizə xoş gəlmisiniz.

Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını yaradıcı surətdə davam etdirdiyinizə və Azərbaycan xalqının maraqlarına xidmət edən dövlətçilik fəaliyyətinizə görə Sizə dərin təşəkkürümüzü bildirir, gələcək işlərinizdə yeni böyük uğurlar arzulayırıq.

Hörmətli deputatlar, hörmətli qonaqlar, xanımlar və cənablar.

Azad, ədalətli və şəffaf seçkilər nəticəsində formalaşmış altıncı çağırış Milli Məclis fəaliyyətə başlayır. Hörmətli deputatlar, Milli Məclisə seçilməyiniz münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm.

Milli Məclisin Daxili Nizamnaməsinin ikinci maddəsinə görə, Milli Məclisin ilk iclasını ən qocaman deputat aparır. Bu şərəfli missiya Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadəyə nəsib olmuşdur. Hörmətli Ziyad müəllim, xahiş edirəm iclasa başlayasınız.

İclasa sədrlik edən Ziyad Səmədzadə altıncı çağırış Milli Məclisin ilk iclasını açıq elan etdi.

Ziyad Səmədzadə dedi:

-Hörmətli cənab Prezident, Azərbaycan dövlətinin iqtisadi və siyasi qüdrətinin güclənməsində böyük töhfələr verdiyinizə, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirdiyinizə görə Sizə təşəkkürümüzü bildiririk. Sizə deputatlarımız adından möhkəm cansağlığı, uğurlar arzulayırıq.

Əminik ki, qloballaşan dünyada, risklərin artdığı bir şəraitdə Siz bundan sonra da Azərbaycan dövlətinə uğurla rəhbərlik edəcəksiniz, Azərbaycanı gündən-günə çiçəklənən, dünyada sözü, gücü, qüdrəti olan bir dövlətə çevirəcəksiniz. Sağ olun, Sizə təşəkkür edirəm.

Hörmətli deputatlar, Milli Məclisə seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Parlament fəaliyyətində sizin hər birinizə böyük uğurlar, cansağlığı arzulayıram. Milli Məclisin Daxili Nizamnaməsinin ikinci maddəsinə görə, yeni çağırış Milli Məclisin ilk iclasında Milli Məclisə seçilmiş deputatların siyahısı oxunmalıdır. İcazənizlə, altıncı çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyuram.

Z.Səmədzadə altıncı çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxudu.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin birinci iclasında nitq söylədi.

Prezident İlham Əliyevin
nitqi

- Hörmətli deputatlar, hörmətli xanımlar və cənablar.

Altıncı çağırış Milli Məclis bu gün öz işinə başlayır. Bu münasibətlə bütün deputatları ürəkdən təbrik edirəm, onlara uğurlar arzulayıram.

İlk növbədə, beşinci çağırış Milli Məclisin deputatlarına göstərdikləri fəaliyyətə görə təşəkkürümü bildirirəm. Beşinci çağırış Milli Məclis, onun deputatları, rəhbərliyi ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynamışlar, parlament tərəfindən qəbul edilmiş qanunlar bizim uğurlu inkişafımızın hüquqi bazasını gücləndirmişdir. Əminəm ki, altıncı çağırış Milli Məclis də uğurla fəaliyyət göstərəcək və beləliklə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəkdir.

Fevralın 9-da keçirilmiş parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisə idi. Hər bir seçkilər önəmli hadisədir, bu seçkilərin xüsusiyyəti ondan ibarət idi ki, o, növbədənkənar seçkilər idi. Bu seçkilərin fevral ayında keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir. Hesab edirəm ki, seçki prosesi uğurla keçdi və bu dəfə seçkilərə çox böyük maraq göstərilmişdir. Bunun əyani sübutu odur ki, bu seçkilərdə 1300-dən çox namizəd iştirak etmişdir. Əlbəttə ki, bu namizədlər fəal iş apararaq öz fikirlərini, baxışlarını, ideyalarını seçicilərə azad şəkildə çatdıra bilmişlər. Bütün namizədlər üçün bərabər şərait yaradılmışdır, heç bir ayrı-seçkiliyə yol verilməmişdir. 1300-dən çox namizədin olması, əslində, seçkilərə onlar tərəfindən göstərilən etimadın təzahürüdür. Hesab edirəm ki, bütövlükdə seçki prosesi həm uğurla keçmişdir, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı bu seçkilərdən məmnun qalmışdır və seçkilərdən sonra müşahidə olunan hadisələr bunu bir daha göstərir.

Biz seçkiləri müşahidə etmək üçün bir çox beynəlxalq təşkilatları, müşahidəçiləri dəvət etmişdik və onların mütləq əksəriyyəti seçkilərin həm hazırlıq dövrünü, həm kampaniya dövrünü və həm də seçkilər gününü çox müsbət qiymətləndirmişdir. Demək olar ki, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri demokratiyanın inkişafında növbəti uğurlu addım kimi qiymətləndirmişlər və bəyan etmişlər ki, Azərbaycan xalqı azad şəkildə öz seçki hüququndan istifadə edib və seçkilərin nəticələri real mənzərəni əks etdirir. Bunu bəyan edən beynəlxalq müşahidəçilər, əlbəttə ki, reallığı əks etdirir. Eyni zamanda, Azərbaycanda seçki prosesinə həmişə ikili standartlar prizmasından yanaşan və qeyri-obyektivliklə fərqlənən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və onun təsiri altında olan bəzi qurumlar bu dəfə də hansısa qüsurları qabardıb, onları böyük hadisə kimi təqdim etməyə çalışmışdılar. Heç bir seçki qüsursuz olmur. Bu dəfə də qüsurlar olub və 4 dairənin nəticələrinin ləğv edilməsi onu göstərir ki, bu qüsurların olmaması üçün Azərbaycan özü maraqlıdır. Seçkidən sonrakı proseslər bir daha onu göstərir ki, bizim əsas niyyətimiz ondan ibarət idi ki, Azərbaycan xalqı öz seçki hüququndan azad şəkildə istifadə etsin, bəyəndiyi namizədə səs versin, beləliklə, öz fikrini və öz siyasi iradəsini ifadə etsin. Bütövlükdə biz buna nail olmuşuq və seçkilərdən sonra artıq müşahidə olunan mənzərə onu göstərir ki, Azərbaycan xalqı seçkilərin nəticələri ilə razılaşıb. Bizim üçün əsas məsələ bundan ibarətdir.

Eyni zamanda, hesab edirəm ki, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir. Bəyan etmişdir ki, Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır. Bu, əslində, seçkilərin tanınması deməkdir. O ki qaldı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyinə, bu dəfə görünür ki, ciddi hadisə baş vermədiyi üçün onlar da məcbur olub öz məruzəsini müəyyən dərəcədə balanslaşdırılmış formada təqdim etsinlər. Halbuki, biz çoxdan bilirik ki, onların məruzələri seçkilərdən əvvəl yazılır və harada yazılır, onu da biz bilirik. Bir də ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun son dövrdəki bəyanatları və bəzi ölkələrdə seçkilərə verilən qiymət bir daha onların nə dərəcədə qeyri-obyektiv, qərəzli olmasını göstərir və nümayiş etdirir ki, bu qurum siyasi sifariş icra edir. Son misal 2018-ci ildə Ermənistanda keçirilmiş parlament seçkiləri idi. Bildiyiniz kimi, bu seçkilər ovaxtkı hakim faşist respublikaçılar partiyası tərəfindən tam saxtalaşdırılmışdı, - mən bu partiyanı faşist adlandırıram, təkcə onların ideologiyasına, onların mahiyyətinə görə yox, eyni zamanda, onların embleminə baxmaq kifayətdir ki, hər kəs görsün, faşist Almaniyasının emblemi ilə onların emblemi fərqlənmir, - və Respublikaçılar partiyasının özünə 50 faizdən çox səs yazdırdığı bu saxtalaşdırılmış seçkilərə ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu müsbət rəy vermişdi. Bir sözlə, bu saxtakarlığa şərik çıxmışdır və ondan sonrakı hadisələr hər kəs üçün bəllidir. Ondan sonra bu qanunsuz və korrupsioner rejim devrildi, onları guya Ermənistan parlamentində təmsil edən deputatlar təslim oldu, əllərini qaldırdılar, boyunlarını bükdülər və kənara çəkildilər. Yeni parlament seçkiləri elan edildi və yeni parlament seçkilərində respublikaçıların faşist partiyası heç parlamentə girə bilmədi. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, 2 və ya 3 ay ondan əvvəl saxtalaşdırılmış seçkilərin nəticələri göz qabağındadır və bu nəticələrə, bu saxtakarlığa ATƏT Demokratik Təsisatlar və İnsan haqları Bürosu öz müsbət rəyini vermişdi. Yəni, sadəcə olaraq, bunu misal kimi gətirməklə bir daha demək istəyirəm ki, bu qurumun rəyi bizim üçün tamamilə əhəmiyyətsizdir. Çünki bu rəy yenə də siyasi sifariş əsasında yazılır və bu, elə bil ki, bəzi dövlətlərin aparıcı dairələrinin bir təzyiq üsuludur.

Bir məsələni - müşahidəçiləri də qeyd etmək istərdim. Bir məsələ də məni, sözün düzü, təəccübləndirdi. Deyə bilərəm ki, biz müşahidəçi qismində dəvət etdiyimiz bütün təşkilatları bu seçkilərdə görmüşük. Ancaq Avropa Parlamentinə biz dəvət göndərməmişik, çünki birincisi, biz bu qurumun üzvü deyilik, ikincisi, buna lüzum görmürük, təxminən eyni səbəblərə görə. Çünki Azərbaycana qarşı ədalətsiz qətnamələrin qəbul olunması sahəsində Avropa Parlamenti birincilik əldə edib. Onların da qətnamələri bizim üçün tamamilə əhəmiyyətsizdir. Ancaq bildirməliyəm ki, belə meyillər bizə qarşı bu gün də müşahidə olunur.

Beləliklə, biz bu təşkilatı dəvət etmirik. Onlar isə bəyanat yayırlar ki, bu seçkiləri müşahidə etməkdən imtina edirlər. Bu, ən yumşaq sözlə desəm, siyasi saxtakarlıqdır. Çünki biz sizi dəvət etmirik, biz sizi burada görmək istəmirik, biz sizə inanmırıq. Belə olan halda gəlib deyəsən ki, biz imtina edirik, bu, gülməlidir və təəccüblüdür.

Bir sözlə, seçkilər bir daha bizim siyasi xəttimizin xalq tərəfindən yüksək qiymətə layiq olduğunu göstərdi. Hesab edirəm ki, seçkilərdən sonrakı proseslər müsbət istiqamətdə inkişaf edəcək. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak etmişlər. Sadəcə olaraq, özünü müxalifət adlandıran marginal qruplaşma seçkiləri sanki boykot etmişdir. Bu da gülməlidir. Çünki Azərbaycan xalqı bu rüsvayçı qurumu çoxdan boykot edib və 27 ildir ki, onlar tarixin zibilxanasındadırlar. Belə olan halda boykot elan etmək həm gülməlidir, həm də təəccüblüdür.

Beləliklə, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar bu gün səhər mənim tapşırığımla yığışmışlar və önəmli qərarlar qəbul etmişlər. Mənim tövsiyəm o olmuşdur ki, partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var. Əlbəttə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır.

Deyə bilərəm ki, həm altıncı çağırış Milli Məclis bu sahədə, əlbəttə, öz sözünü deyəcək, eyni zamanda, Prezident Administrasiyasının nümayəndələri son vaxtlar demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. Bütövlükdə ilkin rəy müsbətdir. Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir. Ancaq yenə də marginallaşmış və bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşma bu görüşdən imtina etdi. İmtina edib, indi özü bilər. Hər halda, uduzan biz olmayacağıq. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır.

Bir sözlə, həm seçkilər, həm də seçkilərdən sonra keçən dövr, iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımlar - bütün bunlar bizim mövcud siyasətimizin yeni mərhələsini əks etdirir. Bu, bizim islahatçı kursumuzu əks etdirir. Bildiyiniz kimi, islahatların yeni mərhələsi 2018-ci ilin prezident seçkilərindən sonra başlamışdır. Bu islahatları mən andiçmə mərasimində, bax, bu salonda bəyan etmişdim. Biz onları ardıcıl olaraq icra edirik və bu, həyatda öz əksini tapır. Bir də onu göstərir ki, həmişə olduğu kimi, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur.

İslahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır. Son müddət ərzində Prezident Administrasiyası demək olar ki, tam yeni tərkibdə formalaşmışdır və yeni şöbələr yaradılmışdır. Bu şöbələrin yaradılması, eyni zamanda, dediyim sözləri bir daha təsdiqləyir, bizim niyyətimizi təsdiqləyir. Nazirlər Kabineti yeni tərkibdə formalaşmışdır. Hazırda Nazirlər Kabineti daha operativ və çevik fəaliyyət göstərir. Nazirliklərdə kadr islahatları aparılmışdır, yerli icra orqanlarında bu islahatlar aparılır və aparılacaq. Bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirir. Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır. Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın.

Ona görə islahatların dərinləşməsi, əlbəttə ki, parlamentdən yan keçə bilməzdi. Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır. İcra strukturlarına mənim tərəfimdən göstəriş verilmişdir ki, qəbul edilmiş qanunların icrası nə yerdədir. Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil. Ona görə Prezident Administrasiyasında xüsusi şöbə yaradıldı. Hesab edirəm ki, Milli Məclis, deputatlar da bu işlərlə məşğul olmalıdırlar. Baxın, görün, qəbul olunmuş qanunlar icra edilir, yoxsa edilmir, bu qanunları pozurlar, yoxsa pozmurlar. Əgər belə hallar aşkarlanarsa, onda əlbəttə ki, ciddi cəza tədbirləri görülməlidir.

Ona görə hesab edirəm ki, bütövlükdə, - əlbəttə, bu, vaxt aparacaq, amma hər halda bunu etmək lazımdır, - biz qanunvericilik bazamızı təftiş etməliyik. Əgər lazım olarsa, onları qarşımızda duran mövcud hədəflərlə uzlaşdırmalıyıq. Çünki həyat yerində durmur, yeni çağırışlar, yeni problemlər üzə çıxır. Gözlənilmədən elə hadisələr baş verir ki, bütün dünya çaş-baş qalır. Ona görə bu qanunlar doqma deyil, onlara, əlbəttə ki, baxmaq lazımdır. Yeni qəbul ediləcək qanunların əsas mahiyyəti islahatları dərinləşdirməkdir. Ona görə qeyd etdiyim kimi, siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün qanunvericilik təşəbbüsləri, əlbəttə ki, lazım olacaq, iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir.

Hesab edirəm ki, bizim milli dəyərlərimizlə, milli ənənəvi dəyərlərimizin qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.

İnformasiya mühafizəsi ilə bağlı. Çünki biz informasiya dövründə yaşayırıq və saxta xəbərlər, yəni, “feyk nyus” adlandırılan xəbərlər əfsuslar olsun ki, geniş vüsət alır və istənilən yalan xəbər çox böyük fəsadlara gətirib çıxara bilər. Biz Azərbaycan olaraq bu şər-böhtan kampaniyaları ilə çoxdan üz-üzəyik. Bunun əsas səbəbi bizim müstəqil siyasətimizdir, heç kimin qarşısında baş əyməməyimizdir. Amma bunun fəsadları odur ki, bizə qarşı informasiya kampaniyası aparılır - qara piyar kampaniyası, yalan, böhtan, uydurma, iftira üzərində qurulmuş kampaniya. Ona görə informasiya mühafizəsi ilə, informasiya təhlükəsizliyi ilə əlaqədar mütləq qanunvericilikdə yeni yanaşmalar, yeni fikirlər olmalıdır.

Sosial siyasətlə bağlı. Azərbaycan sosial dövlətdir və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir. Təkcə keçən il mənim təşəbbüsümlə reallaşan sosialyönümlü paket 4,2 milyon insanı əhatə edir. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması, əlbəttə ki, böyük iqtisadi mənbə tələb edir və bunu da biz yaradırıq. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə olur. Ona görə qanunvericilikdə bütün bu məsələlər, əlbəttə ki, diqqət mərkəzində olmalıdır.

Gənclər siyasəti ilə bağlı. Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, - misal üçün, könüllülər hərəkatı çərçivəsində, - vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində əlbəttə ki, qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər, xüsusilə indiki internet dövründə ki, istənilən yalan tezliklə yayılır və sonra elə bil həqiqət kimi təqdim olunur. Bu da bizə qarşı aparılan qeyri-təmiz siyasətin bir hissəsidir. Çünki sirr deyil ki, Azərbaycanda hazırda ictimai-siyasi vəziyyət çox sabitdir. Ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amil mövcud deyil. Ona görə bu amilləri anti-Azərbaycan qüvvələr ölkəmizin xaricində yaratmaq istəyirlər. Burada özünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini davam etdirən qruplaşmadan artıq onların əli üzülüb, onlara heç inam da qalmayıb. Ona görə yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Azərbaycanda çevriliş edə bilməyib, dırnaqarası inqilab edə bilməyib, xalqın dəstəyini qazana bilməyib, sadəcə, onlara müntəzəm olaraq verilən pulları mənimsəyib və beləliklə, öz havadarlarını pis günə qoyubdur. Odur ki, yeni beşinci kolon axtarışı gedir. Mən bütün siyasi qüvvələri bu məsələ ilə bağlı çox ciddi xəbərdar etmək istəyirəm ki, bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət qarşısında xəyanət edəcək. Ona görə bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır. Biz, öz daxili problemlərimizi, siyasi çəkişmələri xaricə ixrac etməməliyik. Birincisi, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki, mən prezidentəm, belə qüvvə olmayacaqdır. Ona görə bu, tamamilə mənasızdır. Azərbaycanı hansısa təzyiq altına salmaq cəhdləri, yaxud da ki, sanksiyalarla hədələmək – bütün bunların heç bir əhəmiyyəti yoxdur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir və bunu heç kim unutmasın.

Son illər ərzində biz müxtəlif təzyiqlərlə, müxtəlif kampaniyalarla üzləşmişik, ancaq öz yolumuzdan dönməmişik. Ölkəmizin, xalqımızın əmin-amanlığı, təhlükəsizlik, sabitlik, xalqımızın rifahı, müstəqil siyasətimiz bizim üçün hər şeydən üstündür. Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik, bəzi təşkilatların üzvüyük, o təşkilatlara könüllü şəkildə daxil olmuşuq, könüllü şəkildə də çıxa bilərik - əgər nə vaxtsa bu təşkilatlarda bizi nəsə qane etməsə, yaxud da bizə qarşı olan qərəzli münasibət o həddə çatsın ki, artıq bizim hövsələmiz tükənsin. Ona görə hesab edirəm ki, bütün siyasi qurumların nümayəndələri bu sahədə də çox diqqətli olmalıdırlar.

O ki qaldı, gənc nəslə, yenə də deyirəm, bizim gənc nəslimiz vətənpərvərdir, Vətənə bağlıdır, milli köklərə bağlıdır, elə də olmalıdır. Bizim gənclər, mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, milli ruhda tərbiyə almalıdırlar. Eyni zamanda, gənclərin mənəvi və fiziki hazırlığı üçün əlavə tədbirlər həyata keçirilməlidir. Hesab edirəm ki, Milli Məclis və onun müvafiq komitələri bu işlə məşğul olub konkret təkliflər irəli sürəcəklər.

Əlbəttə, deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır. Əvvəllər belə hallar kifayət qədər çox olubdur. Öz qohumlarını vəzifələrə yerləşdirmək, hansısa torpaq sahələri əldə etmək, hansısa biznesə dəstək göstərmək və sair və ilaxır. Mən dərinə getmək istəmirəm. Ona görə yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki bizim əsas islahatlarımızın mahiyyəti də budur. Əgər bizim vətəndaşlar yaxından baxsalar görərlər ki, siyasi sahədə, struktur islahatları, kadr islahatları, vəzifələrə gətirilən kadrlar təmizdirlər. Yəni, onların arxasında heç bir, necə deyərlər, mənfi iz yoxdur. Milli Məclis də, onun deputatları da bu meyarlara cavab verməlidirlər. Sabah siz xalq qarşısında cavab verməli olacaqsınız. Ona görə siz seçildiyiniz dairələrin problemləri ilə daim maraqlanmalısınız, seçicilərlə görüşməlisiniz, dairələrdə olmalısınız. Eyni zamanda, mövcud olan problemləri də üzə çıxarmalısınız. Bunları icra orqanlarının qarşısına çıxarmalısınız, mərkəzi icra orqanlarının diqqətinə çatdırmalısınız. Hesab edirəm ki, yeni tərkibdə formalaşan Milli Məclis bu sahədə də uğurlu fəaliyyət göstərəcək.

Beynəlxalq fəaliyyətlə bağlı demək istərdim ki, bizim deputatlar bir neçə beynəlxalq təşkilatda təmsil olunurlar. Əlbəttə ki, orada əvvəlki illərdə də fəallıq kifayət qədər yüksək idi. İndiki dövrdə daha da yüksək olmalıdır. Çünki biz Azərbaycan həqiqətlərini çatdırmalıyıq. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalıyıq. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Ona görə bizim arqumentlərə qarşı Ermənistan tərəfi heç bir ciddi arqument qoya bilmir, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiya. Bu, əslində, onların xislətidir. Onlar geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın alırlar. Bu da heç kimə sirr deyil. Belə olan halda onların tarixi saxtakarlığına elə bil ki, bəraət qazandırılır. Ona görə bizim deputatlar bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətləri ortaya qoymalıdırlar. Mən Münxendə Kürəkçay sülh müqaviləsi haqqında deyəndən sonra bilirəm ki, Ermənistanda indi bu müqaviləni əzbərləyirlər. Orada açıq-aydın göstərilir ki, bu müqaviləni kim bağlayıb, nə vaxt bağlayıb və erməni xalqı haqqında orada ümumiyyətlə, söhbət belə getmir. Bir tərəfdən Rusiya generalı Sisianov, bir tərəfdən İbrahim xan, özü də rusca yazılmışdır İbrahim xan “Karabaxski Şuşinski”. Bax, budur real tarix. XX əsrin əvvəllərində Rus imperiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir görəsən ki, orada indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Bunu demək lazımdır, o xəritələri gətirmək lazımdır. İşğal edilmiş indiki torpaqlarımızın xəritələrini gətirmək lazımdır. Bütün beynəlxalq təşkilatları, orada fəaliyyət göstərən nümayəndələri tanış etmək lazımdır. Eyni zamanda, müsəlman ölkələrinin parlamentlərinin nümayəndələri ilə görüşlər əsnasında mütləq ermənilər tərəfindən dağıdılmış məscidlərimizin şəkilləri göstərilməlidir. Mən bunu edirəm. Bir çox müsəlman ölkələrinin liderlərinə bu şəkilləri göstərirəm. Əgər bunu geniş siyasi elita görsə, onda əlbəttə ki, o ölkələrin rəhbərləri üçün Ermənistan rəhbərləri ilə ağız-ağıza öpüşmək ayıb olar. Biz bunu deməliyik, deməliyik ki, təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı bu faşist rejim müharibə elan edib, bizim məscidlərimiz, tarixi abidələrimiz dağıdılıb. Amma biz bu məlumatı kifayət qədər çatdıra bilmirik. Ona görə bu, xüsusi bir istiqamət olmalıdır.

Əlbəttə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan bütün təşkilatlarda biz fəal olmalıyıq, hücum diplomatiyası aparmalıyıq, çünki haqq-ədalət bizim tərəfimizdədir. Xocalı soyqırımı haqqında. Artıq 10-dan çox ölkənin parlamenti bunu rəsmən tanıyıb. Bu proses davam etdirilməlidir və deputatlar bu prosesdə fəal olmalıdırlar. Çünki bu qərarların qəbul edilməsində dövlət qurumları böyük dərəcədə əsas rol oynayırlar. Ona görə parlament fəal olmalıdır. Bu, artıq beynəlxalq münasibətlər çərçivəsində qəbul edilmiş faktdır. Ermənistan tərəfinin çox yersiz, yalançı, cılız cəhdləri Münxen Təhlükəsizlik Konfransında özünü göstərdi və bir daha onları ifşa etdi. Çünki onların bütün tarixi saxtakarlıqdır. Onlar tarixi Azərbaycan torpağında dövlət qurublar, əfsuslar olsun ki, bizim Azərbaycan Xalq Cümhuriyyətinin köməyi ilə. İndi bütün tarixi adlarımızı dəyişdirib bizim tariximizi, abidələrimizi özününküləşdirmək istəyirlər. Ona görə deputatlar daim bu məsələni qaldırmalıdırlar.

Bütövlükdə beynəlxalq təşkilatlar çərçivəsində bizim fəaliyyətimiz daha məqsədyönlü olmalıdır. Orada bizi təmsil edən deputatlar fəal olmalıdırlar, turist kimi getməməlidirlər, sonra hesabat verməlidirlər ki, nə iş görmüsən, kiminlə görüşmüsən, hansı məsələni qaldırmısan. Yoxsa bəzi hallarda bu, turist səfərlərini xatırladır. Getdik, görüşdük, oturduq, danışdıq, yedik, qayıtdıq. Özü də bəzi səfərlər, ümumiyyətlə, qəbuledilməzdir. Mən bu gün bu haqda çox danışmaq istəmirəm, amma bilirəm nə baş verir, hansı hadisələr baş verir. Ona görə biz beynəlxalq fəaliyyətimizin səmərəliliyini artırmalıyıq. O təşkilatlarda ki bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Yəni, onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır. Hansısa məsələni kəskinləşdirmək istəmirəm bəhanəsi ilə kənara çəkilmək yox, əksinə, öz sözünü demək lazımdır. Qərəzli yanaşmanı ifşa etmək lazımdır. Necə ki, mən daim bunu edirəm və kifayət qədər faktlar var. Bunu demək üçün siyasətçi olmaq lazım deyil. Adi vətəndaş bunu görür televiziyada. Baxın, bizə demokratiyadan dərs vermək istəyənlər hansı cinayətlər törədirlər. Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın gözü qarşısında, dünyanın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini çıxarırlar, öldürürlər, həbs edirlər. Jurnalistləri əsassız ittihamlarla həbs edirlər, çürüdürlər onları. Göz qabağındadır, dinc nümayişçiləri itlərlə, atlarla dağıdırlar. Bir ölkədə yox, iki ölkədə yox, demək olar ki, bu, indi bizi tənqid etmək istəyən məkanda kütləvi hal alıbdır. Müsəlman miqrantlara qarşı baxın, necə münasibət göstərilir. Onları XXI əsrdə itlərlə əzirlər, qəfəsə salırlar. Sona isə qəfəsə yemək parçaları atırlar, heyvan kimi. Budurmu münasibət?!

İndi də bütün vasitələrdən istifadə edib onları əzmək fikrindədirlər. Bəs o miqrantlar haradan yarandı? Nə üçün onlar yarandı? Nəyə görə öz ölkələrini tərk etdilər? Kim onların ölkələrinə basqın etdi? Kim o ölkələri məhv etdi? Kim sabitliyi pozdu? Kim milyonlarla qaçqının yaranmasına səbəbkar oldu? Ona görə kim bunu edibsə, qoy, onun acısını da çəksin. Nə üçün Türkiyə, bizim qardaş ölkəmiz 4 milyon qaçqını qəbul etməlidir, yedirməlidir, içirməlidir, milyardlarla pul xərcləməlidir? Bunları Türkiyəmi didərgin salıb? Yox. Onları didərgin salanlar gəlib onlara sahib çıxsınlar.

Bütün bunları demək lazımdır. Mən bu gün bu kürsüdən bunu deyirəm, açıq, heç kimdən çəkinmədən. Çünki mən haqlıyam və həqiqətə qarşı heç kim heç nə deyə bilməz. Əlbəttə, bax, görərsiniz, bu sözlərdən bir neçə gündən sonra yenə çirkin məqalələr çıxacaq, yenə hansısa bir qondarma təşkilat nəsə bəyanat verəcək ki, Azərbaycanda o, pisdir, bu, pisdir. Eybi yoxdur, qoy desinlər. Amma biz bu həqiqətləri deməsək, sabah bu, bizim başımızda sınacaq. Ona görə bunu deməliyik və siz də deməlisiniz. Mən bütün deputatlara deyirəm, heç bir sövdələşməyə getmək olmaz. Beynəlxalq təşkilatlarla işləmək lazımdır, biz də işləyirik, ancaq bizim maraqlarımız var və kifayət qədər arqumentlərimiz var. Ona görə mən sizi bu mübarizəyə çağırıram - həm Avropa Şurasında, həm ATƏT Parlament Assambleyasında, həm də bütün başqa təşkilatlarda. Beləliklə, hesab edirəm ki, bu istiqamətdə atılacaq addımlar bizim ölkəmizin mövqeyini daha da gücləndirəcək.

Əlbəttə ki, parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolu artmalıdır. Mən hesab edirəm ki, hökumət üzvləri də daha sıx təmasda olmalıdırlar, parlamentdə daim ünsiyyətdə olmalıdırlar, onlara suallar verilməlidir, onlar gördükləri işlər haqqında məruzə etməlidirlər, çıxış etməlidirlər və bunu da biz sistemə salmalıyıq. Çünki bu, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq, - mən istəyirəm ki, Azərbaycanda parlamentin rolu və təsir imkanları artsın, - həm də ümumi işimizə müsbət təsir göstərəcək. Çünki məsuliyyət ən vacib məsələlərdən biridir. Məsuliyyət və nəzarət. Harada ki, bu, yoxdur, heç bir iş getməyəcək. Əksinə, çox mənfi mənzərə ilə üzləşə bilərik. Ona görə bu da bir nəzarət mexanizmi olmalıdır.

Mən indi vətəndaşlara ictimai nəzarət haqqında daim müraciət edirəm ki, bu proses yavaş gedir, hələ öyrəşməmişik. Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır, amma bu, artıq meyildir. Ona görə camaat da ictimai nəzarət işində daha fəal olmalıdır. Bir çox məsələlər haqqında məlumatı əvvəllər mən mətbuatdan alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar və demək olar ki, bu, böyük çətinliklər yaradırdı. Ona görə hesab edirəm ki, hökumət üzvləri ilə daim təmas olmalıdır, Prezident Administrasiyasında parlamentlə iş üzrə xüsusi şöbə yaradılıb. Bu, əlbəttə, bir daha onu göstərir ki, biz parlamentin işinə böyük əhəmiyyət veririk.

O ki qaldı, iqtisadi islahatlara, onlar da göz qabağındadır. Təkcə şəffaflıq hesabına keçən il biz büdcəyə proqnozdan 1 milyard manat çox vəsait daxil etdik və bu proses davam etdirilir. Bu ilin iki ayında vergi orqanları proqnozdan əlavə 181 milyon manat, gömrük orqanları isə 71 milyon manat çox vəsait yığıblar, məhz şəffaflığa görə, məhz kölgə iqtisadiyyatına qarşı mübarizəyə görə. Kölgə iqtisadiyyatına qarşı mübarizə öz nəticəsini verməkdədir və getdikcə kölgə iqtisadiyyatının əhatə dairəsi daralacaq. Əlbəttə, bunu bir gündə etmək mümkün deyil, bu, bir prosesdir, amma indi bütün hökumət qurumları səfərbər edilib və bu işdə fəaldırlar. İki ayın iqtisadi göstəriciləri də çox müsbətdir. Ümumi daxili məhsul 2,8 faiz artıb, qeyri-neft sektorunda isə yanvar-fevral aylarında 6,7 faiz artıb, biz əsas göstərici bunu sayırıq. Qeyri-neft sənaye istehsalı sahəsində artım 21,7 faizdir. Bu da son illər qeyri-neft sektorunun inkişafına görədir. Çünki neft sektorunda bu artım yoxdur, əksinə, hasilat düşür, qiymətlər də dünən tamamilə çökdü. Deməli, əhalinin gəlirləri iki ayda 9 faiz artıb, inflyasiya cəmi 2,8 faizdir. Bu tendensiya əminəm ki, gedəcək. Düzdür, indi koronavirusla bağlı dünyada gedən ajiotaj istər-istəməz bizə də təsir edir. Ancaq hesab edirəm ki, biz bütün səyləri ortaya qoyub bu vəziyyətdən də şərəflə çıxacağıq. Halbuki indi bir çox ölkələr bundan ciddi əziyyət çəkir. Azərbaycanda isə operativ qərargah yaradıldı və bu gün səhər mənə verilən məlumata görə, artıq xəstələnmiş vətəndaşların sağalması prosesi də uğurla gedir. Karantində olanlar da artıq karantin müddətini başa çatdırırlar və evlərə buraxılırlar. Yəni, vəziyyətə tam nəzarət edilir. Sərhədlərdə də vəziyyət nəzarət altındadır və yük maşınlarının Azərbaycan ərazisindən keçməsi üçün polis müşayiəti ilə xüsusi kalonlar formalaşdırılır. Yolda sürücülərə yemək verilir ki, onlar maşınlarından tez-tez çıxmasınlar. Yəni, bütün lazımi tədbirlər görülür.

Əlbəttə ki, bütövlükdə parlamentin sosial sahə ilə bağlı fəaliyyəti çox fəal olmalıdır. Bu sahə də bizim üçün prioritetdir, həmişə olduğu kimi. Qeyd etdiyim kimi, keçən il önəmli addımlar atıldı, bu il də davam etdiriləcək. Xüsusilə aztəminatlı ailələrin dövlət tərəfindən dəstəklənməsi işinə əlavə vəsait nəzərdə tutulur. Ünvanlı sosial yardımla əhatə olunan ailələrin sayı artmalıdır, mənim göstərişimlə orada müvafiq metodologiyada düzəlişlər edilir. Çünki əvvəlki metodologiya həqiqəti əks etdirmirdi və hər ailəyə verilən məbləğ də artmaqdadır. Məcburi köçkünlərə bu il 7 min mənzil veriləcək, bu, rekord göstəricidir. Şəhid ailələrinə 1500 mənzil veriləcək, bu da rekord göstəricidir. Keçən il 934 mənzil verilmişdi.

Dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı bizim parlamentin də rolu çox təsirli ola bilər. Beynəlxalq tədbirlərdə və Azərbaycanda keçirilən bir çox tədbirlərdə bizim deputatlar fəal iştirak etməlidirlər. Biz öz dinimizə hörmət edirik. Dinimiz bizim üçün müqəddəsdir, eyni zamanda, başqalarının dinlərinə də hörmətlə yanaşmalıyıq . Keçən ilin sonlarında Bakıda keçirilmiş Dünya dini liderlərinin II Zirvə Görüşündə səslənən fikirlər onu göstərir ki, bu gün dünya miqyasında bəlkə də Azərbaycan qədər bu məsələ ilə ciddi məşğul olan və ciddi nəticələr hasil edən ikinci ölkə yoxdur. Həm müsəlman aləmi bizi dəstəkləyir, həm də İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibətə görə bizi örnək kimi göstərir. Həm Rusiya Pravoslav kilsəsinin patriarxı Kirill Azərbaycanda gedən dinlərarası proseslərə müsbət qiymət verir, həm də Roma Papası Fransisk. Mən onunla artıq 3 dəfə görüşmüşəm, bir dəfə Bakıda, iki dəfə Vatikanda. Onun da Azərbaycanda bu sahədə aparılan işlərə verdiyi qiymət çox yüksəkdir. Yəni, bunu mən demirəm. Bunlar aparıcı ənənəvi dünya dini liderlərinin sözləridir. Əlbəttə ki, bu istiqamətdə addımlar atılacaq.

Bununla bərabər, biz Azərbaycanı müasir, dünyəvi dövlət kimi gücləndirməliyik. Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Parlamentin rolu burada vacibdir. Ancaq sözün düzü, xatırlamıram ki, bu məsələ ilə bağlı əvvəlki dövrdə parlamentdə ciddi söhbət aparılsın. Biz aparmalıyıq. Heç bir bağlı mövzu olmamalıdır. Çünki bizim gələcəyimiz bundan asılıdır. Biz 20 il, 30 il, 50 il sonra hansı dövlətdə yaşamaq istəyirik. Biz bilirik və xalq da bilir. Amma bunu təmin etmək lazımdır. Əgər oturub nəyisə gözləyəcəyiksə, böyük problemlər yarana bilər. Ona görə biz bu sahədə də öz siyasətimizi təmin etməliyik, bizim siyasətimizin üstünlüyünü göstərməliyik və müqayisə etməliyik, çəkinmək lazım deyil. İstənilən tərəflə müqayisə etmək üçün kifayət qədər arqumentlərimiz var, təhlükəsizlik, əmin-amanlıq, inkişaf, sosial rifah, azadlıqlar. Ona görə parlament bu məsələlərlə ciddi məşğul olmalıdır və əminəm ki, olacaq.

Bu seçkilər bir daha göstərdi ki, bu gün Azərbaycan iqtidarı tərəfindən aparılan siyasi kursa alternativ yoxdur. Bunun da çox sadə səbəbləri var. Son illər ərzində ölkəmizdə müşahidə olunan inkişaf, əlbəttə ki, insanları inandırır. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Artıq 27 ilə yaxındır ki, biz sabitlik şəraitində yaşayırıq, görün, bizim ətrafımızda hansı proseslər baş vermişdir - müharibələr, qaçqınların axını, çevrilişlər, vətəndaş qarşıdurması, böhranlar. Ölkələr parçalandı, demək olar ki, bəzi ölkələrin coğrafi sərhədləri real vəziyyəti əks etdirmir, yəni, bu ölkələr, sadəcə olaraq, xəritələrdə öz suverenliyini və ərazi bütövlüyünü saxlayırlar. Əslində, çoxdan itiriblər, çoxdan bölünüblər tayfalara, təriqətlərə, müxtəlif bölgələrə. Bizim qonşuluğumuzda nə qədər acınacaqlı proseslər, inqilablar gedib. Hansı inqilab kimə xeyir gətirib? Ancaq ziyan, ancaq problemlər, ancaq qarşıdurma və bu qarşıdurmalar davam edir. İndi postsovet məkanına və Azərbaycanın vəziyyətinə baxın. Mən indi müqayisə edə bilmərəm, amma siz edə bilərsiniz. Deputatlar Prezidentin deyə bilmədiyi sözü deməlidir və əminəm ki, belə də olacaq.

Ona görə bu seçkilərin nəticələri görülmüş işlərin təzahürüdür. Çünki bu gün həm təhlükəsizlik, həm də sabitlik təmin edilir. Azərbaycan öz hərbi potensialını gücləndirib. 2016-2018-ci illərdə bizim hərbi qələbələrimiz hər bir Azərbaycan vətəndaşını fərəhləndirdi və bizim ordumuzun gücünü göstərdi. Təsadüfi deyil ki, bizim ordumuz dünyanın 50 ən güclü ordusu sırasındadır. Bizim beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir. Qoşulmama Hərəkatına üzv olmuşuq, ondan yeddi il keçmədi sədr seçildik, özü də 120 ölkənin dəstəyi ilə. Bilirsiniz ki, o ölkələr arasında ixtilaflar kifayət qədər kəskindir. İnanmıram ki, ikinci belə bir ölkə tapılsın ki, yekdil səslə bu təşkilata sədrlik etsin. BMT-dən sonra bu, ən böyük beynəlxalq təsisatdır. BMT-nin rəhbəri yoxdur, amma Qoşulmama Hərəkatının lideri var, bu da Azərbaycandır.

Biz keçən il Türk Şurasına sədrliyi öz üzərimizə götürmüşük və deyə bilərəm ki, türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır. Bütün digər beynəlxalq təmaslarda biz Avropa İttifaqı ilə indi saziş üzərində işləyirik, Avropa İttifaqına üzv doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədlərimiz vardır. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər var. Müsəlman aləmində böyük nüfuzumuz var. Budur, bizim beynəlxalq mövqelərimiz. Ona görə bizə hörmət edirlər, ona görə bizim sözümüz keçir və eyni zamanda, ona görə ki, bizim siyasətimiz birmənalıdır. Bizim siyasətimiz situativ deyil. Bizim siyasətimiz ədalətlidir və sözümüzlə əməlimiz arasında fərq yoxdur. Mən öz sözümü bütün auditoriyalarda deyirəm. Mənim üçün bir mövzu Azərbaycanda, bir mövzu xaricdə anlayışı yoxdur. Hər bir məsələ ilə bağlı mövqe var, mövqe olmalıdır və mən bu mövqeni müdafiə edirəm. Kimin xoşuna gəlir, gəlir, kimin xoşuna gəlmir, özü bilər. Bizi istəməyə bilərlər məhz bu hərəkətlərimizə görə, bu müstəqil siyasətimizə görə. Amma bizə hörmət edirlər. Bunu da mən dəfələrlə görmüşəm. Ona görə deputatlar da beynəlxalq təşkilatlarda elə fəaliyyət göstərməlidirlər ki, daim hörmət göstərilsin.

Son 16 il ərzində iqtisadi sahədə əldə edilmiş uğurların dünyada bərabəri yoxdur. Əgər varsa, desinlər, götürsünlər statistikaya baxsınlar, hansı ölkə 16 il ərzində öz iqtisadiyyatını 3,4 dəfə artıra bilib. Ondan sonra yoxsulluq, 50 faizə yaxın idi, indi 4,8 faizdir və daha da aşağı düşəcək. Çünki maaşlar, pensiyalar artır və artırılacaq, müavinətlər də həmçinin. Xarici borc ümumi daxili məhsulun 17 faizinə bərabərdir. Bu, çox aşağı göstəricidir. İnkişaf etmiş bəzi ölkələrdə bu, 100 faizdən çoxdur. Amma ondan daha önəmli məsələ odur ki, valyuta ehtiyatlarımız xarici borcumuzdan altı dəfə çoxdur. Yəni, istəsək, xarici borcumuzu bir ay ərzində sıfırlaya bilərik. Xarici borcu ödəmək üçün gərək bəzi ölkələrin valyuta ehtiyatları indikindən 50 dəfə artıq olsun.

Bu illər ərzində iqtisadi sahədə bu uğurlar əldə edilib, sosial sahədə maaşlar, pensiyalar on dəfədən çox artıb. Məcburi köçkünlərin, şəhid ailələrinin problemləri öz həllini tapır. Biz kosmik dövlətə çevrilmişik, üç peykimiz var. Dünya Astronavtika Konqresi 2022-ci ildə Bakıda keçiriləcək və bu haqqı biz gərgin mübarizədə qazanmışıq. Bu müsabiqədə 4 şəhər iştirak edirdi - Dehli, Rio-de-Janeyro, Sinqapur və Bakı. Biz bunu qazandıq. Nəyə görə? Çünki orada da bizə hörmət edirlər.

Mən belə faktları çox sadalaya bilərəm. Təkcə enerji siyasətimizə baxmaq kifayətdir ki, xalqımız, dövlətimiz və qitə üçün nələr etdiyimizi görək. Neft-qaz kəmərləri - indi Cənub Qaz Dəhlizi başa çatmaq üzrədir. Biz bunu çox çətin geosiyasi vəziyyətdə minimum itkilərlə etdik, demək olar ki, sıfır itkilərlə. Nəinki bunu etdik, hətta yeddi ölkə arasında uzunmüddətli beynəlxalq əməkdaşlıq formatı yaratdıq. Bu ölkələr artıq təbii dostlardır, müttəfiq olmasalar da, təbii dostlardır. Ona görə bu sahədə də bizim rolumuz danılmazdır və biz bu sahədə liderik.

Nəqliyyat sahəsində. Biz açıq dənizə çıxışı olmayan ölkəni nəqliyyat mərkəzinə çevirmişik. Belə faktlar çoxdur və hər biri seçkilərə müsbət təsir göstərmişdir. Parlamentə seçilmiş deputatların mütləq əksəriyyəti bu müsbət meyillərə düzgün qiymət verir. Ola bilər ki, onların qələbəsi, o cümlədən bu amildən də asılıdır.

Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Əminəm ki, biz bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik. Əminəm ki, Azərbaycan parlamenti bu işdə fəal olacaq. Bir daha sizi təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Sağ olun.

x x x

Deputatlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən iclasın sədri Ziyad Səmədzadə dedi:

-Hörmətli cənab Prezident, mən Milli Məclisin üzvləri adından Sizə dərin məzmunlu çıxışınıza görə ürəkdən təşəkkür edirəm. Siz həqiqətən bu çıxışla bir daha sübut etdiniz ki, Azərbaycan dövləti müstəqil siyasət yeridir, Azərbaycan dövləti dünyada qloballaşan nadir ölkələrdən biridir ki, o, özünün müstəqil iqtisadi siyasətini bütün dünyaya bəyan edir. Məhz iqtisadi müstəqillik sayəsində əldə edilən uğurlar bu gün Azərbaycanın inkişafını təmin etmişdir. Sizin sadaladığınız rəqəmlər həddən çox ürəkaçandır. Maraqlı bir məsələyə də toxundunuz ki, həqiqətən bu seçkilərdə bu deputatların uğurlu qələbəsinin kökündə Azərbaycan dövlətinin apardığı müstəqil siyasət dayanır. Mən xatırlayıram, 2005-ci ildə biz danışırdıq yoxsulluqdan 35-40 faiz, valyuta ehtiyatlarımız cəmi 100 milyon idi, bir milyard da deyildi. Bizə borc verəndə də çox ağır şərtlərlə vermək istəyirdilər. Amma bu gün siz o rəqəmləri deyəndə hər bir azərbaycanlı sevinir və qürur hissi keçirir ki, ulu öndər Heydər Əliyevin qurduğu Azərbaycan dövləti bu gün yaşayır, inkişaf edir. Haqlı olaraq bir məsələni də dediniz, mən bir iqtisadçı kimi demək istəyirəm ki, biz indidən Azərbaycanın yarım əsrlik inkişafı haqqında düşməliyik. Yarım əsrlik inkişaf strategiyası, sənaye inqilabları və s. Bunlar hamısı təbii ki, bizim müəyyən baxışlarımızda da dəyişiklik edəcək. Sizin bu sahədə hökumətə, parlamentə verdiyiniz dəstək bizim qarşımızda kifayət qədər yeni vəzifələr qoyur. Əmin ola bilərsiniz ki, Milli Məclisə seçilən deputatlar birmənalı şəkildə Sizin apardığınız siyasəti dəstəkləyəcək, Sizin bu gün burda səsləndirdiyiniz tövsiyələri əsas tutaraq parlamentin işini daha da canlandıracaqlar. Allah Sizi qorusun, ailənizi qorusun və Azərbaycan dövlətini qorusun ki, Sizin kimi belə başçısı var. Sağ olun, var olun.

Hörmətli deputatlar, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci, 35-ci, 36-cı və 41-ci maddələrinə əsasən birinci iclasın gündəliyinə 6 məsələ daxildir: Milli Məclisin Sədrinin, Sədr müavinlərinin seçilməsi, intizam komissiyasının yaradılması, hesablayıcı komissiyanın seçilməsi, Milli Məclis komitələrinin sədrlərinin və sədr müavinlərinin seçilməsi. Xahiş edirəm gündəliyə münasibət bildirək.

Gündəlik səsə qoyularaq qəbul edildi.

Ziyad Səmədzadə: Gündəliyin birinci məsələsi Milli Məclisin Sədrinin seçilməsidir. Milli Məclisin Daxili Nizamnaməsinin 33-cü maddəsinə görə, Milli Məclisin Sədri vəzifəsinə namizədliyi deputatlar irəli sürə bilərlər. Hər deputat yalnız bir namizəd göstərə bilər. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul olunur. Səsverməyə azı 10 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Parlament çoxluğunu təşkil edən Yeni Azərbaycan Partiyasının nümayəndələri bu səhər yığıncaq keçirib. Milli Məclisin Sədri vəzifəsinə Yeni Azərbaycan Partiyasının namizədini təqdim etmək üçün söz deputat Eldar İbrahimova verilir.

Deputat Eldar İbrahimov dedi:

-Çox sağ olun. Möhtərəm cənab Prezident, hörmətli deputat həmkarlarım. 2020-ci il fevralın 9-da Azərbaycanda Milli Məclisə azad, demokratik və şəffaf şəraitdə keçirilən seçkilər ölkə əhalisinin mütləq əksəriyyətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətini qətiyyətlə dəstəkləməsinin yeni əyani nümunəsi oldu. Azərbaycanda son illərdə əldə olunan nailiyyətlər, iqtisadiyyatın inkişafı, insanların rifahının yaxşılaşması sahəsində atılan addımlar, uğurlu xarici siyasət, ölkənin müdafiə qüdrətinin gücləndirilməsi, sabitlik və təhlükəsizlik kimi qəti şəkildə qərar tapmış reallıqlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinin uğurlu seçki kampaniyasının əsasını təşkil etmişdir. Xalqın böyük rəğbətini qazanmış, ölkənin firavan gələcəyinin təmin olunmasına hədəflənmiş geniş islahatlar siyasətinin hakim partiyanın və onun namizədlərinin seçicilər tərəfindən geniş şəkildə dəstəklənməsində xüsusi rolu ayrıca vurğulanmağa layiqdir. 2020-ci il növbədənkənar parlament seçkilərində 1300-dən çox namizədin deputat mandatı uğrunda mübarizəyə qoşulması ölkəmizdə qərarlaşmış demokratiya və qanun aliliyinin təzahürü, ardıcıl surətdə gerçəkləşdirilən islahatlar strategiyasına inamın ifadəsi olmaqla yanaşı, eyni zamanda, seçkilərin xüsusi rəqabət mübarizəsi və şəffaflıq şəraitində keçirildiyinin əyani sübutudur. Böyük rəqabət mübarizəsi ilə müşayiət olunan seçicilərin öz iradələrini sərbəst sürətdə ifadə etmələri şəraitində baş tutan seçkilərdə Yeni Azərbaycan Partiyası 70 deputat mandatı qazanaraq Milli Məclisdə çoxluğa sahib olmuşdur. Biz bunu Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin qətiyyətlə dəstəklənməsinin bariz ifadəsi, islahatlar konsepsiyasının qanunverici hakimiyyət sahəsində təntənəsi hesab edirik.

Yeni Azərbaycan Partiyasının Milli Məclisə keçirilmiş deputat qrupu parlamentdə çoxluq hüququndan istifadə edərək və partiya sədrinin tövsiyəsi nəzərə alınaraq Azərbaycan Respublikası Milli Məclisinin Sədri vəzifəsinə deputat Sahibə xanım Qafarovanın namizədliyini irəli sürür. Hörmətli Sahibə xanım Qafarova qanunvericilik fəaliyyəti sahəsində böyük təcrübəyə malikdir. 2010-cu ildən Yeni Azərbaycan Partiyasını Milli Məclisdə layiqincə təmsil edir. Beynəlxalq təşkilatlarda və görüşlərdə fəal iştirakı, Azərbaycanı bacarıqla təmsil etməsi, ölkəmizin mövqelərini qətiyyətlə müdafiə edə bilməsi ilə daim fərqlənmiş, seçicilərin dərin rəğbətini qazana bilmişdir. O, cəmiyyətdə xüsusi hörmət sahibidir. İnanırıq ki, malik olduğu şəxsi keyfiyyəti və təcrübəsi sayəsində Sahibə Qafarova Azərbaycan Respublikası Milli Məclisinin Sədri vəzifəsinin öhdəsindən layiqincə gələ biləcək. Yeni Azərbaycan Partiyası deputatlarının bugünkü qrup toplantısının qərarı bundan ibarətdir. Xahiş edirəm deputat həmkarlarım nəzərə alsınlar. Sağ olun.

Ziyad Səmədzadə: Başqa təklif yoxdur? Deməli, Milli Məclisin Sədri vəzifəsinə biz bir nəfərin - Sahibə Qafarovanın namizədliyini irəli sürürük. Sahibə xanımdan xahiş edək öz razılığını bildirsin.

Sahibə Qafarova dedi: Zati-aliləri, möhtərəm cənab Prezident, hörmətli deputatlar, xanımlar və cənablar.

İcazə verin, Milli Məclisin Sədri vəzifəsinə namizədliyimi irəli sürdüyünə görə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və partiya həmfikirlərimə dərin təşəkkürümü bildirim. Əgər deputatlar mənə etimad göstərərsə, Milli Məclisin Sədri kimi şərəfli vəzifəni layiqincə yerinə yetirmək üçün bütün bilik və bacarığımı sərf etməyə hazıram. Diqqətinizə görə sağ olun.

Ziyad Səmədzadə: Çox sağ olun. Hörmətli deputatlar. Milli Məclisin Daxili Nizamnaməsinin 33-cü maddəsinə görə, Milli Məclisin Sədri elektron sistemdən istifadə etməklə gizli səsvermə yolu ilə seçilməlidir. Elektron sistemdən zamanı nasazlıq yarandıqda gizli səsvermə bülletenlər vasitəsilə keçirilir. Səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclisin Sədri seçilir. Gizli səsvermə proseduru başlanır. Xahiş edirəm deputat Sahibə Əli qızı Qafarovanın Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilməsi məsələsinə münasibət bildirəsiniz.

Sonra səsvermə keçirildi və 116 səs lehinə olmaqla, deputat Sahibə Əli qızı Qafarova Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçildi.

x x x

İclasda çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova dedi:

-Zati-aliləri, möhtərəm cənab Prezident.

Hörmətli deputatlar.

Xanımlar və cənablar.

Etimad göstərib məni Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçdiyinizə görə sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm.

Əmin etmək istəyirəm ki, parlamentin Sədri kimi öhdəmə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün bilik və bacarığımı sərf edəcəyəm. Bununla əlaqədar xüsusi qeyd etmək istəyirəm ki, cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan və parlament çoxluğunu təşkil edən Yeni Azərbaycan Partiyasını təmsil etməyim mənim üçün həm qürur yeri, həm də güc mənbəyidir. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında cəmiyyətimizin siyasi təkamülündə mühüm rol oynayır.

Hörmətli deputatlar, 2018-ci ilin prezident seçkilərindən sonra elan olunmuş əsaslı və hərtərəfli islahatlar dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etmişdir. Bu islahatların daha da dərinləşməsi və sürətlənməsi Milli Məclisin tərkibinin də yenidən formalaşması zərurəti yaratmışdır. Bununla əlaqədar olaraq, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Milli Məclisin cənab Prezidentə müraciəti əsasında növbədənkənar parlament seçkiləri təyin olunmuşdur. Fevralın 9-da demokratik şəraitdə keçirilən azad və ədalətli seçkilər ölkəmizin demokratik quruculuq tarixində yeni səhifə açmışdır. Yeni Azərbaycan Partiyası üzvlərinin parlamentdə yerlərin əksəriyyətini əldə etməsi cənab İlham Əliyev başda olmaqla, partiyamıza bəslənən böyük ümid və etimadı bir daha ifadə etmişdir.

Beləliklə, altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi fəaliyyətə başlamışdır. Bu münasibətlə icazə verin, mən də deputat həmkarlarımı ürəkdən təbrik edim və onlara gələcək fəaliyyətində uğurlar arzulayım.

İnanıram ki, Milli Məclis Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsinə yönələn strateji xəttin uğurla həyata keçirilməsinə öz töhfəsini verəcəkdir. Bununla əlaqədar olaraq, ölkədə geniş vüsət alan sistemli islahatların yeni mərhələsinin başlanması qanunvericilik orqanının qarşısında da yeni vəzifələr irəli sürür. Məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Nazirlər Kabinetində, Prezident Administrasiyasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, digər qurumlarda aparılan struktur və kadr islahatları ölkəmizin ictimai-siyasi və iqtisadi inkişafına yeni təkan vermişdir. Əminəm ki, bu islahatlar müasir dövrün yeni çağırışları şəraitində Azərbaycanın ardıcıl və dinamik yüksəlişini təmin etməyə kömək göstərəcəkdir.

Hörmətli deputatlar, bizim təcrübəmiz göstərir ki, cəmiyyətdə mövcud olan siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini əks etdirən parlament əsl demokratiya və siyasi mədəniyyət məkanıdır. Hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir. Altıncı çağırış Milli Məclisin fəaliyyətinin ən mühüm istiqaməti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin hüquqi bazasını daha da təkmilləşdirmək və möhkəmləndirmək olacaqdır.

Milli Məclis özünün bütün fəaliyyəti ilə möhtərəm Prezidentimizin rəhbərliyi altında reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyasını dəstəkləməkdə davam edəcəkdir. Parlament xalqın maraqlarını ifadə etməli, deputat onu seçmiş insanların problemlərinə bələd olmalı, qayğılarına diqqət göstərməlidir. Milli Məclisin deputatlarının öz seçiciləri ilə əlaqələri müntəzəm xarakter daşımalı, onlar ayda bir neçə dəfə seçildiyi dairənin ərazisində olmalıdırlar. İnsanları narahat edən məsələlərin Milli Məclisdə, eləcə də digər dövlət orqanları qarşısında qaldırılması deputatlıq fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil etməlidir.

Hörmətli deputatlar, məlum olduğu kimi, beynəlxalq münasibətlərdə parlament diplomatiyasının rolunun yüksəlməsi müasir dünya siyasətinin önəmli cəhətlərindən biridir. Məhz buna görə də Milli Məclis beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına diqqəti daha da artırmalıdır. Milli Məclis dövlətimizin xarici siyasətinin həyata keçirilməsinə parlament vasitələrinin verdiyi imkanlar daxilində kömək göstərməkdə davam etməlidir.

Milli Məclisin deputatları iştirak etdikləri hər bir beynəlxalq tədbirdə və görüşdə ən böyük problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20 faizinin hələ də işğal altında olması, bir milyon soydaşımızın qaçqın və köçkün kimi yaşaması barədə həqiqətləri çatdırmalı, ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsini qaldırmalı, yalançı erməni təbliğatını ifşa etməli, haqq işimizin müdafiəsində mübariz və mətin olmalıdırlar.

Bütün digər sahələrdə olduğu kimi, bu sahədə də cənab Prezidentin göstərdiyi nümunə daim gözümüzün önündə olmalıdır. Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələrində möhtərəm Prezident cənab İlham Əliyevin çıxışı Azərbaycan diplomatiyasının növbəti böyük uğuru oldu. Qısaca desəm, dövlətimizin başçısı Ermənistanın baş nazirinə beynəlxalq hüquq və tarix dərsi keçdi. Azərbaycan Prezidentinin səsləndirdiyi təkzibedilməz faktlar və dəlillər qarşısında Ermənistan rəhbəri aciz və gülünc vəziyyətə düşdü. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli barədə ölkəmizin qəti mövqeyi bir daha beynəlxalq ictimaiyyətə çatdırıldı. Bu polemika Azərbaycan və Ermənistan rəhbərlərinin səviyyələri arasında nə qədər böyük bir uçurum olduğunu göstərdi, eyni zamanda, möhtərəm Prezident cənab İlham Əliyevin dünya miqyaslı siyasi və dövlət xadimi olduğunu bir daha nümayiş etdirdi.

Münxendə Ermənistana vurulan sarsıdıcı zərbə ötən ilin oktyabr ayında Rusiyanın Soçi şəhərində “Valday” Diskussiya Klubunun toplantısında və Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında işğalçı dövlətin aldığı diplomatik zərbələrin uğurlu davamı oldu.

Hörmətli deputatlar, Milli Məclisin qanunvericilik fəaliyyətində əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məsələləri xüsusi yer tutur. Parlament bu istiqamətdə fəaliyyətini təkmilləşdirərək, yeni qanunvericilik aktları qəbul etməlidir. Milli mənəvi dəyərlərimizin qorunması, ailə və uşaqların müdafiəsi, bədən tərbiyəsi və idmanın inkişafı, dövlətimizin gənclər və qadın siyasətinin həyata keçirilməsi üçün zəruri qanunvericilik tədbirləri görülməlidir.

Bütün bu vəzifələrin uğurla yerinə yetirilməsi Milli Məclisin hər bir üzvündən yüksək peşəkarlıq, səriştə, işə məsuliyyətli münasibət, yaradıcı düşüncə və digər zəruri keyfiyyətlər tələb edir.

Əminəm ki, möhtərəm Prezidentimizin çıxışında irəli sürdüyü dəyərli tövsiyələri fəaliyyətimizin əsas cəhətlərini müəyyənləşdirən yol xəritəsi kimi qəbul edəcəyik, onun söylədiyi iradların aradan qaldırılması isə mühüm hədəflərimizdən birini təşkil edəcəkdir.

Milli Məclis dövlət hakimiyyətinin digər qolları ilə sıx qarşılıqlı əlaqə şəraitində səmərəli işləyəcək. Hörmətli həmkarlar, biz sizinlə birlikdə Azərbaycan parlamentinin üzvü adını şərəflə qoruyacağıq.

Diqqətinizə görə çox sağ olun.

x x x

Sonra Milli Məclis Sədrinin müavinləri seçildi.

Deputat Əli Hüseynli Milli Məclis Sədrinin birinci müavini, deputatlar Adil Əliyev və Fəzail İbrahimli Sədrin müavinləri seçildilər.

x x x

Milli Məclisin Sədri Sahibə Qafarova İntizam Komissiyasının və Hesablayıcı Komissiyanın tərkibinə namizədlərin adlarını elan etdi. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən namizədlər bütövlükdə səsə qoyularaq təsdiq edildilər.

x x x

Daha sonra parlament komitələrinin sədrləri seçildi.

Deputat Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin, Qənirə Paşayeva Mədəniyyət komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin, Adil Əliyev Gənclər və idman komitəsinin sədrləri təsdiq edildilər.

İclasda komitə sədrlərinin müavinləri də təsdiq olundu.

Bununla da altıncı çağırış Milli Məclisin birinci iclası başa çatdı.

***

14:51

Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında nitq söyləyib.

APA xəbər verir ki, dövlətimizin başçısı altıncı çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev beşinci çağırış Milli Məclisin deputatlarına səmərəli fəaliyyətlərinə görə təşəkkür etdi. Azərbaycan Prezidenti altıncı çağırış Milli Məclisin də uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. 1300-dən çox namizədin mübarizə apardığı seçkilərin uğurla keçdiyini deyən Prezident İlham Əliyev bütövlükdə seçkilərin xalqımızın iradəsini tam ifadə etdiyini söyləyib.

Prezident İlham Əliyev onu da vurğulayıb ki, seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər. Nəticədə altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşır. Seçkilərdə Yeni Azərbaycan Partiyasının yerlərin əksəriyyətini əldə etdiyini deyən dövlətimizin başçısı vurğuladı ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar.

Deputatların qarşısında duran vəzifələrdən danışan Prezident İlham Əliyev mövcud qanunların təkmilləşdirilməsinin və qəbul olunmuş qanunların icrasına nəzarətin əhəmiyyətinə toxundu. Dövlətimizin başçısı vurğuladı ki, qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır. Prezident İlham Əliyev qeyd etdi ki, deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar. Dövlətimizin başçısı Milli Məclis üzvlərinin beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etmələrinin vacibliyindən danışdı, Dağlıq Qarabağ məsələsində ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısının alınmasında fəallığı artırmağın zəruriliyindən söhbət açdı. Prezident İlham Əliyev dedi ki, seçkilər Azərbaycanda aparılan siyasi kursa alternativ olmadığını bir daha sübut etdi. Bu gün ölkəmizdə xalq sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Son 16 ildə Azərbaycanda əldə edilən iqtisadi inkişafın dünyada təkrarı yoxdur.

Sonda Prezident İlham Əliyev ölkəmizin müstəqillik yolu ilə bundan sonra da uğurla addımlayacağını vurğulayıb.

***

11:34

Altıncı çağırış Milli Məclisinin bu gün keçirilən ilk iclasında iştirak edək Prezident İlham Əliyev nitq söyləyib.

***

10:58

Milli Məclisin yeni tərkibdə ilk iclası başlayıb.

APA-nın məlumatına görə, iclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.

İclasdan əvvəl Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputat vəsiqələrini təqdim edib.

İclasda Dövlət Himni səsləndirilib.

İclas Milli Məclisin ən yaşlı deputatı Fəttah Heydərovun sədrliyi ilə keçirilir. Fəttah Heydərov Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub. İclasda sədrlik edənin təklifi ilə hesablayıcı komissiya seçilib.

İclasda təşkilatı məsələlərə baxılır.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Milli Məclisin Spikeri postuna Sahibə Qafarovanın namizədliyi irəli sürülüb. YAP-ın Milli Məclis sədrinin müavini postuna namizədi Əli Hüseynlidir.

Milli Məclisdə bitərəf deputatların Milli Məclis Sədrinin müavini postuna namizədi isə Adil Əliyevdir.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.