3980
writer1

Sevinc Elsevər

Məqalə sayı : 8

11:59 10 Mart 2020

Rəfiqəm axmaq bir oğlana ərə getdi

“Bəxtim olsaydı, qız doğulardım” deyən babamız yəqin ki, bu sözləri müharibəyə aparıldığı vaxt deyib.

Kişi doğulduğuna görə bəxtindən gileylənən insan görməmişəm.

Ancaq dünyaya qız doğulan nə qədər qadının bədbəxt hiss elədiyini, məhz qadın olduğu üçün bir çox məsələlərin qarşısında gücsüz və aciz qaldığını öz gözlərimlə görmüşəm.

“Qızsan”, “zənən xeylağısan”, “arvadsan” deyib nə qədər arzularının qabağına sədd çəkiblər qadınların. Ötən əsrin 70-ci illərində anamı babam oxumağa qoymayıb. Yalnız və yalnız qız doğulduğuna görə.

XXI əsrdə əmim də qızlarını oxumağa qoymadı, 9-cu sinifdən çıxarıb evə qapatdı. Bu gün qız uşaqlarını oxutmayan adamlar çoxdur.

Qız övladlarını erkən nikaha məcbur edənlər, təhsil hüququnu, hətta “namus” bəhanəsi ilə yaşamaq hüququnu əlindən alanlar nə qədər desən.

Doğrudanmı, bütün bunları görməzdən gəlirik?

Kişi cinsindən olan, otuz yaşına qədər subay qalan bir kişinin əlinin hələ də qadın əlinə dəyməməsi ayıb sayıldığı halda, niyə eyni yaşda bir qadının birinə ürək verməsi, görüşməsi, əl-ələ gəzməsi günah sayılır?

Gəzib-tozduğu, “sevirəm, alacam” deyib yaxınlaşdığı qızı tərk edəndən sonra da onun həyatını zülmətə çevirən kişiciklərə nə deyirsiniz?

Nə qədər qız tanıyıram ki, bir zamanlar könül verdiyi, görüşdüyü, hətta nişanlandığı kişidən ayrıla bilmir, onunla evlənmək məcburiyyətində qalır. Yoxsa deyəcəklər, gündə biri ilə gəzdi, tərbiyəsizdi. Bir rəfiqəm vardı, axmaq bir oğlana ərə getdi, sonra da bir uşaqla ayrılmaq məcburiyyətində qaldı. Soruşanda ki, bir il sevgili oldun, bir il də nişanlı qaldın, heçmi o oğlanı tanımadın? Cavab verdi ki, məni onunla bir yerdə görmüşdülər, ona görə ayrıla bilmədim.

Adam var, görə-görə ki, qızını nişanladığı adam axmağın, əyyaşın yekəsidir, yenə qızını o adama getməyə məcbur edir.

Bu harasıdı hələ?

Qızını onu zorlayan kişi ilə evlənməyə məcbur edənlər var. Bu yaxınlarda əyalətlərdən birində qətl hadisəsi baş verdi. Kişi öldürdüyü həyat yoldaşını, sən demə 6 yaşlı balaca qız olanda zorlayıbmış!

Hər hansı qızla ciddi münasibət qurmağa hazırlaşan bir oğlan qızın keçmişini araşdırır. Normal ölkələrdə insanlar bir-birinin haqqında yalnız tibbi bilgiləri bilmək istəyir. Görüm bu qızda xəstəlik varmı? Bəlkə, cinsi infeksiyalara yoluxub? Ancaq çox vaxt bu xəstəliklər belə bir-birini sevən, bir yerdə yaşamaq istəyən cütlüklərin evlənməyinə mane olmur. Çünki insan hər vəziyyətdən çıxış yolu tapa bilən məxluqdur.

Bizdə də neçə ildir evlənməyə hazırlaşan cütlüklər tibbi yoxlanışdan keçirlər. Amma yox, bizim kişilər üçün də, gələcək qaynanalar, qaynatalar üçün də qızın sağlam olub-olmamağı önəmli deyil, bakirə olub olmamağı, hətta bundan əvvəl həyatında başqa birinin olub-olmamağı önəmlidir.

Məhz erkən nikahlar da buna görə yayğındır. Əli kişi əlinə dəyməmiş qız axtaranlar az qalırlar bağçaya gedən qızı alıb özlərinə “arvad” eləsinlər. Bu yaxınlarda kəndlərdən birində yaşayan qohumum deyirdi ki, kənddə 16 yaşından yuxarı subay qız qalmayıb.

Qız on beş yaşına güclə çatır, elçilər tökülür hər yandan. Nəyin təlaşıdır bu? Niyə qoymurlar o qız gözünü açsın? Bir gün görsün bu dünyada? Dərhal o yazıq binəvanı məişətin qəbiristanlığına gömməyə başlayırlar. Amandır, birdən birini sevər, birinə ürək verər, görüşər, öpüşər. Qızın yaşı nə qədər azdırsa, başqasını sevmək, onunla görüşmək ehtimalı o qədər azalır.

Atasının-anasının seçdiyi adamla evlənməyə məcbur edilən, öz seçdiyi insandan zorla ayrılmağa məcbur qalan kişilər də çoxdur ölkəmizdə. Ancaq qızlar daha çox bu cür təzyiqə məruz qalır.

Bizim qadınları anlayan, yanlarında olan, haqlı mübarizələrinə səs verən ziyalı kişilərimiz də, şükürlər olsun ki, çoxdur. Onların sayı günbəgün artmaqdadır.

Başa düşən, səviyyəsi olan hər kəs istəyir ki, qadınlarımız məişətdə zorakılığa məruz qalmasın, döyülməsin, öldürülməsin, yandırılmasın, intihar həddinə çatdırılmasın. Körpə qız uşaqlarımız cinsi zorakılığa məruz qalmasın, erkən nikaha məcbur edilməsin.

Elinalarımız pəncərələrdən itələnməsin!

Nərminlərimizi öldürülüb yandırılmasın!